ABŞ Azərbaycanlıları Şəbəkəsi diaspor təşkilatının idarə heyətinin üzvləri redaksiyanın Vaşinqtonda səfərdə olan Ermənistan prezidenti Serj Sarqsyanla görüş keçirmək niyyətində olması ilə əlaqədar “The Washington Post” qəzetinin rəhbərliyinə məktub ünvanlayıb.
“Bu kriminal şəxs və onun rejimi ilə bağlı fikrimizə baxmayaraq, ümid edirik ki, redaksiya Serj Sarqsyana onun 1992-ci ildə Xocalı şəhərində törədilmiş qırğında şəxsi iştirakı, BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi dörd qətnaməyə Ermənistanın məhəl qoymaması, Azərbaycan ərazisinin 16%-nin qanunsuz işğalının davam etməsindən tutmuş, ölkə hökumətinin İran və İraqa qanunsuz silah tədarükü (Amerika hərbi qulluqçuların ölümünə səbəb olan) ilə əlaqədar demək olar ki, ABŞ-ın sanksiyaları altında olması, demokratiya ilə bağlı vəziyyətin pisləşməsi (və ya olmaması), bunun nəticəsində 2008-ci ilin mart ayında keçirilən seçkilərdən sonra 10 etirazçının ölümünə qədər (Avropada və ya keçmiş Sovet İttifaqı ölkələrində seçkilərlə əlaqədar dinc nümayişçilərin ən kütləvi qətli) bir sıra çətin sullar verəcəyinə ümid edirik”, - deyə məktubda qeyd edilir.
“Maraqlıdır ki, bütün bunlara baxmayaraq, Ermənistan yenə də ABŞ-dan “nə qəribə təsadüfdür ki, demokratiyanın irəliləməsi üçün” yardım alan əsas dövlətlərdən biridir, həmçinin Amerikada dünyanın ən iri səfirliklərindən birinə malikdir”, - deyə müraciətdə qeyd olunur. Məktub müəllifləri vurğulayırlar ki, ABŞ 1992-ci ildən etibarən Ermənistana təxminən $3 mlrd. vəsait ayırıb. Azərbaycana isə həmin dövr ərzində üç dəfə az yardım edib. Amerika KİV-i, o cümlədən “The Washington Post”da, hətta Konqresdə də bütün bu problemlərə son illər az diqqət ayrılır.
“Ümid edirik ki, “The Washington Post” cənab Sarqsyana kəskin, konkret suallardan yayınmayacaq və sonra onların heç olmasa bəzilərini dərc edəcək”, - deyə USAN-ın həmtəsisçiləri Adil Bağırov, Bədir Məmmədli və Yusif Babanlının imzaladığı məktubda deyilir.
F.Hüseynzadə