Dubayın “Network Satellite Technology Trading” (NSTT) şirkəti Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azerspace-1” peyki vasitəsilə xidmətlər göstərəcək. Bu barədə “Azərkosmos” ASC-nin məlumatında deyilir.
“Azərkosmos” və NSTT arasında imzalanan müqaviləyə əsasən, Dubay şirkəti “Azerspace-1” peykinin resurslarından istifadə edərək Afrika, eləcə də Yaxın Şərq regionunda etibarlı rabitə – internet, şəbəkə, səs, video, mobil və digər data xidmətləri təqdim edəcək. İDirect platforması üzərindən təklif olunan peyk xidmətləri Afrika və Yaxın Şərqdə fəaliyyət göstərən şirkətləri etibarlı rabitə ilə təmin edəcək”, - deyə məlumatda qeyd edilir.
Məlumatda vurğulanır ki, “Azərkosmos” və NSTT arasındakı əməkdaşlıq “Azerspace-1” peykinin orbital mövqeyinin və nüfuzunun regionda möhkəmlənməsini təmin edəcək.
“Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında - İF) orbitə buraxılıb. “Azərkosmos” ASC peykin istismarından $420 mln. xalis mənfəət əldə edilməsini gözləyir.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb.ASC-nin nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.
NSTT şirkəti 2002-ci ildə təsis edilib və Afrika, Yaxın Şərq və Mərkəzi Asiya regionunda aparıcı peyk operatorudur.
N.Abbasova