Bakı Ali Neft Məktəbi (BANM) “Schneider Electric” və “AVANDSIS GROUP” şirkətləri ilə əməkdaşlıq haqqında razılaşma imzalayıb. Bu barədə cümə axşamı BANM-in mətbuat xidmətinin məlumatında deyilir.
İmzalanma mərasimində BANM-in rəhbərliyi, “Schneider Electric” şirkətinin Orta Asiya ölkələri üzrə prezidenti Emrah Tekdemirin və “AVANDSIS GROUP” şirkətinin direktoru Həsən Süleymanovun rəhbərlik etdikləri nümayəndə heyətləri, Fransanın Azərbaycandakı səfirliyinin universitetlərlə əlaqələr üzrə nümayəndəsi Şarlott Payen, həmçinin BANM-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
BANM-in rektoru Elmar Qasımov qonaqlara ali məktəbin ümumi fəaliyyətindən və əməkdaşlıq etdiyi şirkətlərdən bəhs edib. Rektor qeyd edib ki, həmin şirkətlər ali məktəbdə keçirilən tədbirlərə dəstək verirlər. O, bu yaxınlarda BANM-də keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tələbələrin 3-cü elmi-texniki konfransında “AVANDSİS GROUP” şirkətinin də yaxından iştirakını və dəstəyini vurğulayıb. E.Qasımov hər iki şirkətlə qurulan əməkdaşlığın ali məktəbdəki “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında xüsusi rol oynayacağını, eyni zamanda, tələbələr üçün təcrübə və gələcək karyera imkanları verəcəyini qeyd edib.
Daha sonra “Schneider Electric” şirkətinin Orta Asiya ölkələri üzrə prezidenti Emrah Tekdemir məlumat verib, təmsil etdiyi şirkət Azərbaycanda 10 ildən artıq fəaliyyət göstərir. “AVANDSIS GROUP” şirkətinin direktoru Həsən Süleymanov isə qeyd edib ki, BANM-in tələbələrinin gələcəkdə təmsil etdiyi şirkətin fəaliyyətinə cəlb olunması, onların işlə təminatına imkanlar mövcuddur.
Fransanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Şarlott Payen qeyd edib ki, imzalanan müqavilələr tələbələr üçün əlverişli şərait yaradacaq. O, həmçinin Fransada mühəndislik sahəsində magistratura təhsili üçün imkanların olduğunu əlavə edib.
F.Hüseynzadə