2015-ci il mayın 1-nə Azərbaycanda “elektron imza” (“e-imza”) alan hüquqi və fiziki şəxslərin sayı 31,682 min təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
30 aprel 2015-ci il tarixinə 5,817 min hüquqi şəxs, 7,469 min vətəndaş və 18,396 min dövlət orqanları əməkdaşları “e-imza”ya malikdir.
Nazirliyin məlumatına görə, inidəyədək elektron xidmətlərlə bağlı müraciətlərin sayı 10 mln. 162,678 min, müraciət edən vətəndaşların ümumi sayı 1 mln. 710,901 min nəfər təşkil edib.
“Ümumilikdə vətəndaşların portala marağının artması müşahidə olunur, eləcə də təkrar müraciət edənlərin sayı artır. Bu dövr ərzində portala müraciət edənlərin 29,1%-ni yeni istifadəçilər, 70,9%-ni təkrar müraciət edənlər təşkil edib”, - deyə məlumatda qeyd edilir.
Məlumatda vurğulanır ki, 2015-ci il aprelin 30-na 213,623 min istifadəçi portaldan istifadə üçün sadələşdirilmiş kod-parol alıb.
Cari ilin aprel ayında müraciətlərin əksəriyyəti Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi xidmətlərdən istifadə ilə bağlı olub.
N.Abbasova