Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) etibarlı tərəfdaşıdır və qurum ölkəmizlə əməkdaşlığa böyük əhəmiyyət verir. Bu barədə AYİB-in prezidenti Suma Çakrabarticümə günü Bakıda prezident İlham Əliyevlə görüşdə bəyan edib.
Azərbaycan prezidentinin saytında verilən məlumata görə, S.Çakrabarti respublikada həyata keçirilən layihələrdən məmnun olduğunu bildirib. O, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülən işlərin önəmini qeyd edib.
Prezident İ.Əliyev Azərbaycan Hökuməti ilə AYİB arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlər nəticəsində bu, Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyib.
Görüşdə Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın enerji infrastrukturunun yaradılması, informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Y.Əliyev