Ukrayna prezidenti Pyotr Poroşenko “Bakı-2015” Avropa Oyunlarının Təşkilat Komitəsindən oyunların açılış mərasimində iştirak etmək üçün dəvət alıb. Lakin onun səfəri hələ ki, təsdiq edilməyib. Bu barədə cümə günü jurnalistlərə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko məlumat verib.
“Oyunların açılış mərasimində Ukraynanı mütləq bir nəfər təmsil edəcək. Lakin biz Ukraynada hadisələrin necə inkişaf edəcəyini bilmirik. Ukrayna prezidentinin səfəri bundan asılıdır”, - deyə səfir “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualını cavablandırıb.
A.Mişenko P.Poroşenkonun Avropa Oyunlarının açılışına qatılacağına ümid etdiyini bildirib.
Bundan əlavə, o qeyd edib ki, ekspertlər P.Poroşenkonun bu il ərzində Azərbaycana rəsmi səfər proqramı üzərində hazırlıq işlərini davam etdirir. "Bu mövzu xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilimiş siyasi məsləhətləşmələrin son raundunda müzakirə olunub. Tərəflər hətta məsləhətləşmələri bir sıra əməkdaşlıq sahələri, xüsusən energetika, hərbi-texniki əməkdaşlıq, kənd təsərrüfatı sahələri üzrə davam etdirmək barədə razılığa gəliblər", - deyə diplomat əlavə edib.
F.İsazadə