Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2015-ci ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 70,3 mln. manat güzəştli kredit verib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında deyilir.
2015-ci ilin əvvəlindən fondun vəsaitləri hesabına 2 mindən artıq sahibkarın layihələri maliyyələşdirilib. Bu isə 5 minə yaxın yeni iş yerinin açılmasına imkan verəcək.
SKMF cümə günü Cəlilabad rayonunda sahibkarlığa dövlət dəstəyi ilə bağlı tədbir keçirib.
Nazirliyin məlumatında fondun icraçı direktoru Şirzad Abdullayevə istinadən bildirilir ki, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2,321 min investisiya layihəsinin maliyyələşdirilməsinə 100,5 mln. manat güzəştli kredit verilib, 10,8 minə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.
«Tədbir çərçivəsində Cəlilabad və ətraf rayonlardan olan 66 sahibkara 737 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, bağçılıq, tərəvəzçilik, üzümçülük, kartofçuluq, və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 90-dan çox yeni iş yerinin açılması mümkün olacaq”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2014-cü ildə fondun xətti ilə sahibkarlara 295 mln. manat məbləğində güzəştli kredit verilib.
A.Axundov