Çərşənbə axşamı “Azərkosmos” ASC 23 mln. 610,6 min manat məbləğində səhmin əlavə emissiyasının yerləşdirilməsinə başlayır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından (BFB) məlumat verilib.
Xəbər verildiyi kimi, əlavə emissiyanın yerləşdirilməsi nəticəsində “Azərkosmos” ASC-nin nizamnamə kapitalı 59% - 63 mln. 610,6 min manatadək artacaq.
Əlavə emissiya bir qiymətli kağızın nominal dəyəri 20 manat olan 1 mln. 180,530 min səhmə bölünüb.
Əlavə emissiya səhmlərinin yerləşdirilməsi avqustun 12-nə qədər başa çatmalıdır.
Səhmlərin yerləşdirilməsinin anderrayteri qismində «PSG-broker» MMC çıxış edir.
Hazırda “Azərkosmos”un nizamnamə kapitalı 40 mln. manata bərabərdir və 2 mln. ədəd səhmə bölünüb.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. ASC-nin nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.
A.Əzizov