"Azərbaycan Dəmir Yolları" QSC İsveçrənin "Stadler Rail Group" şirkətindən 5 ədəd ikimərtəbəli sərnişin vaqonu alacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə QSC-dən məlumat verilib.
“Mayın 13-də Bakıda "TransCaspian-2015" beynəlxalq nəqliyyat sərgisi çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC ilə İsveçrənin "Stadler Rail Group" şirkəti arasında dəmir yolu vaqonlarının alınmasına dair müqavilə imzalanacaq. Bu vaqonlar yaxın vaxtlarda yenidənqurmadan sonra istifadəyə veriləcək Bakı-Xırdalan-Sumqayıt dəmir yolu marşrutunda istifadə ediləcək”, - deyə ADY-dən qeyd ediblər.
Bununla yanaşı, müqavilənin dəyəri açıqlanmır.
Öz növbəsində "Stadler Rail Group" şirkətinin marketinq və satış üzrə direktoru Martin Ştyor çərşnbə axşamı jurnalistlərə məlumat verib ki, qeyd edilən müqavilənin son dəyəri hələlik müəyyən olunmayıb.
“Biz müqaviləyə xüsusi avadanlığın tədarükünü də daxil etmək istəyirik və əgər bu baş tutarsa, o zaman müqavilənin dəyəri fərqlənəcək”, - deyə o qeyd edib.
2014-cü ilin iyun ayında “Azərbaycan Dəmir Yolları” QSC və "Stadler Rail Group" şirkəti arasında 30 sərnişin vaqonunun satınalınması haqqında müqavilə imzalanıb. Vaqonlar Avropa standartlarına uyğundur və Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizi ilə daşımalarda istifadə olunacaq.
N.Abbasova