Azərbaycan Ordusu işğal altında olan Xocalı şəhərində aeroportun erməni separatçıları tərəfindən isifadəsinə imkan verməyəcək. Bu barədə Ağdam-Xocavənd istiqamətində xidmət edən yüksək rütbəli zabit “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bəyan edib.
“Ermənistan tərəfinin həmin aeroportu beynəlxalq reyslər üçün istifadə etmək niyyəti barədə elan etməsi boş spekulyasiyadır. Biz bu istiqamətdə vəziyyətə nəzarət edirik. Həmin aeroportdan uçuş və enişə imkan verməmək üçün kifayət qədər havadan müdafiə vasitələrimiz var. Heç bir təyyarə oradan uça və ya orada eniş edə bilməz”, - deyə adı və vəzifəsi təhlükəsizliyin təminatıbaxımından açıqlanmayan zabit bildirib.
Bundan başqa, o xatırladıb ki, Ermənistan tərəfinə həmin aeroportdan istifadəni qadağan edən beynəlxalq normalar da mövcuddur.
Xocalı aeroportu 2012-ci ilin oktyabr ayında Dağlıq Qarabağda fəaliyyət göstərən yeganə aerodromun bazasında erməni separatçı rejimi tərəfindən inşa edilib. Qondarma rejim onu beynəlxalq aeroport kimi istifadə etməyə ümid edirdi. Lakin rəsmi Bakı Beynəlxalq Mülki Aviasiya Komitəsi (ICAO) də daxil olmaqla, müvafiq beynəlxalq təşkilatlara müraciət edərək həmin obyektin beynəlxalq aeroport kimi fəaliyyət göstərməsinin yolverilməz olmasına dair qərarın qəbul edilməsinə nail olub. Bundan sonra Azərbaycan işğal olunmuş ərazisi üzərində istənilən uçuş aparatını vurmaq hüququnu özündə saxlaması barədə bəyan edib. Həmin aeroport indiyədək nə beynəlxalq reys qəbul edib, nə də yola salıb.
Ermənistan KİV-in Bakının işğal olunmuş əraziləri azad etmək üçün tank qüvvələrinin iştirakı ilə əməliyyat hazırlamasına dair məlumatı şərh edən zabit vurğulayıb ki, “Azərbaycan Silahlı Qüvvələri buna hər dəqiqə hazırdır və yuxarıdan müvafiq əmr gözləyir”.
“Əgər lazım gələrsə, Ali Baş Komandanın əmri ilə həm tanklar, həm təyyarələr, həm də digər vasitələrlə hücuma keçəcəyik. Niyə də yox? Biz buna hazırıq. Bu dəqiqə ərazilərimizin azad edilməsi üçün əməliyyat həyata keçirməyə hazırıq. Bir əmr belə kifayətdir. Şəxsi heyətin döyüş ruhu yüksəkdir və bunun üçün silahlarımız kifayət qədərdir”, - deyə o bəyan edib.
Zabit vurğulayıb ki, bu gün erməni əsgərin Azərbaycan əsgəri qarşısında heç bir üstünlüyü yoxdur.
“Onların xarakterinin yeganə fərqli cəhəti var, bu, bütün Azərbaycan xalqına qarşı düşmənçilikdir. Bu gün erməni əsgər qocalara, qadın və uşaqlara asanlıqla güllə ata bilər – bu, onların üstünlüyüdür”, - deyə zabit vurğulayıb.
Onun sözlərinə görə, son zamanlar düşmən tərəfindən atəşkəsin pozulması və təxribat xarakterli əməliyyatların həyata keçirilməsi nadir hallarda müşahidə olunur.
“Azərbaycan qoşunları düşməni atəşkəs rejiminə riayət etməyə vadar edirlər. Bizim qoşunlarımız operativ vəziyyətə nəzarət edərək, mövqelərində qətiyyətlə durublar. Düşmənin istənilən hərəkətinin qarşısı qətiyyətlə alınır. Bir sözlə, üstünlük bizim tərəfimizdədir, çünki Azərbaycan əsgərinin döyüş ruhu yüksəkdir. Bundan başqa, ordumuz istər izləmə qurğuları, gecə izləmə cihazları və ya silah olsun, bütün texniki vasitələrlə təmin olunub”, - deyə zabit qeyd edib.
O əlavə edib ki, bu il erməni bölmələri cəbhənin Ağdam-Xocavənd hissəsində bir neçə dəfə təxribat xarakterli əməliyyatlara cəhd ediblər, lakin Azərbaycan Silahlı Qüvvələri bu əməliyyatların qarşısını alıb.
“Həmin əməliyyatlar nəticəsində düşmənə ağır zərbə endirilib. Bir neçə soyadı qeyd edə bilərəm. Ermənistan silahlı qüvvələrində Şekspir Akopyan adlı hərbçi var idi. O, snayper qrupunun rəhbəri olub və Ermənistan tərəfinin növbəti təxribatı zamanı Azərbaycan hərbçiləri tərəfindən məhv edilib. Və ya Ermənistan ordusunun 24 yaşlı hərbi qulluqçusu, Ağdam istiqamətində təmas xəttini keçərək könüllü şəkildə təslim olmuş Andranik Qriqoryan”, - deyə zabit vurğulayıb.
12-28 iyun tarixlərində Bakıda I Avropa Oyunları zamanı Ermənistan tərəfinin mümkün təxribatlarına dair sualı cavablandıran zabit qeyd edib ki, Azərbaycan tərəfi “cəbhə xəttində vəziyyətin istənilən inkişafına hazırdır”.
“Konkret ölkə adı çəkmək istəmirəm. Lakin aydındır ki, Ermənistanı dəstəkləyən himayədarlar var. Bu gün Azərbaycan əsgəri özünə əmindir. Biz özümüzü müharibədə sınamışıq. Bizə heç kəs himayədarlıq etməyib, ərazimizdə üçüncü ölkənin hərbi bazası, hər hansı əcnəbi təlimatçılarımız yoxdur. Əsgərlərimizə özümüz təlim keçirik. Onlara həm təyyarə, həm tank, həm raket, həm də digər vasitələrdən idarə etməyi öyrədirik. Hər şeyi özümüz edirik, özümüz də döyüşəcəyik. İndiyədək Ermənistan özünü və gücünü sınaqdan keçirməyib, çünki himayədarlarına ümid edir, bu himayədarlar isə, ermənilərin fikrincə, onlara hava və qurudan dəstək verəcəklər”, - deyə o vurğulayıb.
F.İsazadə