Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin G-20-yə rəhbərlik etməsini qardaş ölkənin böyük qələbəsi kimi dəyərləndirib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Çərşənbə axşamı Türkiyə baş nazirinin müavini Əli Babacan ilə keçirilən görüşdə prezident bunu həm də dünyanın aparıcı dövlətləri tərəfindən Ankaranın roluna göstərilən yüksək münasibətin ifadəsi kimi qiymətləndirib.
Bakını G-20-yə dəvət etdiyinə görə minnətdarlığını ifadə edən İ.Əliyev bunun dostluğun və qardaşlığın bariz nümunəsi, Türkiyə-Azərbaycan birliyini dünyaya nümayiş etdirən başlıca amil olduğunu deyib.
İ.Əliyev ölkəmizin bu mötəbər görüşə hazırlaşdığını və bununla bağlı bu gün Bakıda xüsusi toplantının keçirilməsinin önəmini də vurğulayıb.
Prezident aprel ayında Çanaqqala zəfərinin 100 illiyi münasibətilə keçirilən tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.
Türkiyənin G-20-yə sədrliyi dövründə bu mötəbər təşkilatın bütün tədbirlərinə ev sahibliyi edəcəyini vurğulayan baş nazirin müavini Əli Babacan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident İlham Əliyevin həmin tədbirlərdə iştirak etmək üçün dəvətini bir daha diqqətə çatdırıb.
Ə.Babacan Azərbaycanın G-20-nin toplantılarında Türkiyə ilə bərabər olmasının xüsusi önəm daşıdığını deyib.
Birinci Avropa Oyunlarına Bakının ev sahibliyi etməsinin əhəmiyyətinə toxunan Ə. Babacan yarışların yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.
Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi bildirilib.
R.Babayev