Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazasının hərbçilərinin əvəz edilməsi dövründə hərbi hissə və təhsil mərkəzlərindən daxil olan 3 mindən artıq yeni əsgər və mütəxəssis müayinə olunacaq. Bu barədə Rusiya
Cənub Hərbi Dairəsinin qərargahından məlumat verilib.
“Rusiyanın hərbi bazasının hərbçilərinin rotasiyası başa çatandan sonra 3 mindən artıq hərbi qulluqçu qrip, qızılca, hepatit A, pnevmokokk infeksiyası və suçiçəyinə qarşı peyvənd olunacaqlar. Bu, hərbi xidmət dövründə isti iqlim və yüksək dağlıq şəraitində bir sıra xəstəliklərə qarşı immunitetin yaranması məqsədilə edilir”, - deyə çərşənbə günü “İnterfaks” agentliyinə Rusiya
Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən daxil olan məlumatda deyilir.
Həmçinin qeyd olunur ki, tibbi müayinə zamanı “yeni gələn əsgərlər və serjantların nəfəs yollarının müayinəsi, elektrokardioqrammanın təhlili, psixoloji dayanıqlılığının yoxlanılması və dərilərinin vəziyyətinə xüsusi diqqət ayrılır”.
Məlumatda bildirilir ki, indiyədək Rusiya
Cənub Hərbi Dairəsində uyğunlaşma dövrü keçən 500-ə yaxın hərbçi müayinə edilib.