Çərşənbə günü “Azərbaycan Dəmir Yolları” QSC İsveçrənin “Stadler Group” şirkəti ilə beş ədəd ikimərtəbəli sərnişin qatarının alınması haqqında müqavilə imzalayıb.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin imzalanma mərasimindən verdiyi məlumata görə, müqaviləni ADY-nin sədri Cavid Qurbanov və “Stadler Group” şirkətinin rəhbəri Peter Şpuler imzalayıblar.
C.Qurbanov bildirib ki, müqavilənin dəyəri 60-70 mln. avrodur. Azərbaycan tərəfi bu vəsaiti həmin qatarlarla sərnişin daşınmasından əldə edilən gəlir hesabına 20 il ərzində ödəyəcək.
O qeyd edib ki, bu müqavilə çərçivəsində gələcəkdə daha bir neçə qatarın satın alınması nəzərdə tutulub.
Hər bir qatar 4 vaqondan ibarətdir, sərnişin tutumu 919 nəfərdir. Qatarlarda oturacaq yerlərinin 84-ü biznes-klass sayılır.
İmzalanma mərasimində qeyd edilib ki, qatarların tədarükünə 2015-ci il iyunun əvvəlində başlanılacaq və bu proses 2016-cı ilin yanvar ayına qədər başa çatacaq.
C.Qurbanov jurnalistlərə məlumat verib ki, ilkin olaraq həmin qatarlar I Avropa Oyunları ilə əlaqədar böyük sərnişin axını gözlənildiyindən "Koroğlu" - “28 May” dəmir yolu stansiyaları marşrutu ilə hərəkət edəcək. Sonra marşrut Sumqayıt şəhərinə qədər uzadılacaq.
“Gələcəkdə bu şəbəkə Abşeron yarımadası, sonra isə ölkənin regionlarını əhatə edəcək”, - deyə C.Qurbanov qeyd edib.
A.Axundov