2015-ci ilin aprel ayında Azərbaycanda deflyasiya mart ayı ilə müqayisədə 0,2% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
2015-ci ilin aprel ayında ərzaq məhsullarının qiymətləri 0,5% bahalaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,9%, qeyri-ərzaq mallarının qiymətləri 0,5% ucuzlaşıb.
Statistik məlumatlara əsasən, aprel ayında qarabaşaq yarması, balıq məhsulları, toyuq əti, yumurta, qarğıdalı yağı, şəkər tozu, göyərti, çuğundur və kartofun qiymətlərində ucuzlaşma, düyü, makaron məmulatları, mal və qoyun əti, kərə yağı, zeytun və günəbaxan yağları, limon, portağal, naringi, banan, alma, armud, kələm, kök, soğan, sarımsaq və spirtli içkilərin qiymətlərində isə bahalaşma müşahidə olunub.
Aprel ayında qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin qiymətləri ucuzlaşıb.
Ötən ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində ucuzlaşma, respublikadan kənara dəmiryolu sərnişindaşıma nəqliyyatı tariflərində isə bahalaşma qeydə alınıb.
N.Abbasova