Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 14-də Rusiya Federasiyasının İnquşetiya Respublikasına səfər edəcək. Bu barədə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Səfərdə məqsəd 14 may tarixində Maqasda keçiriləcək «Dində mötədillik – sülh, dinc qonşuluq və tərəqqiyə gedən yoldur» mövzusunda keçiriləcək Beynəlxalq İlahiyyat Konfransında iştirak etməkdir.
QMİ sədrinin himayədarlığı ilə keçiriləcək tədbirdə çox sayda müsəlman dini liderin, Rus Pravoslav Kilsəsi və yəhudi icmasının nümayəndələrinin, habelə Ümumdünya müsəlman alimləri birliyinin baş katibi dr. Əli Əl-Karadaginin rəhbərliyi ilə nümayəndə heyətinin iştirakı nəzərdə tutulur.
Konfransda ictimai əxlaq məsələlərinə dair ilahiyyat bəyannaməsinin, 3 ibrahimi din adından bəyanatın və digər yekun sənədlərin qəbulu nəzərdə tutulur.
Şeyxülislam A.Paşazadəni səfərdə Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının başçısı Milix Yevdayev və birinci müavini Müfti Salman Musayev müşayiət edəcəklər.
QMİ sədri, MDB Dinlərarası Şurasının həmsədri və MDB Müsəlmanları Məşvərət Şurasının sədri A. Paşazadə Maqas Beynəlxalq İlahiyyat Konfransında məruzə ilə çıxış edəcək.
Səfər İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurovun şəxsi dəvəti əsasında həyata keçirilir.
F.İsazadə