2015-ci ilin I rübündə Azərbaycanda bankların Bakıda müştərilərin kreditləşdirilməsi üzrə portfeli 12% - 17 mlrd. 250 mln. 680,3 min manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
AMB-nin məlumatına görə, 2015-ci il aprelin 1-nə Bakıda borcalanlara verilmiş kreditlərin həcmi bankların respublika üzrə bütün kredit qoyuluşlarının 83,6%-ni təşkil edir.
Mart ayının sonuna Bakıda borcalanların müddəti ötmüş kreditlərinin həcmi 982 mln. 228 min manat və ya paytaxtda verilmiş bütün kreditlərin 5,7%-ni təşkil edib.
Ümumilikdə Bakıda banklar tərəfindən kreditlər orta hesabla illik 12%, respublika üzrə isə 13,2% dərəcəsi ilə verilir.
2015-ci il aprelin 1-nə Bakıda milli valyuta ilə verilmiş kreditlərin həcmi 9 mlrd. 753 mln. 222,5 min manat, xarici valyuta ilə verilmiş kreditlərin həcmi 7 mlrd. 497 mln. 457,8 min manat təşkil edir. Bununla yanaşı, milli valyuta ilə verilən kreditlər üzrə faiz dərəcəsi orta hesabla 12,4%-ə, xarici valyuta ilə 11,6%-ə bərabərdir.
2015-ci il aprel ayının əvvəlinə Bakıda borcalanlara banklar tərəfindən 4 mlrd. 14 mln. 476,5 min manat məbləğində qısamüddətli, 13 mlrd. 236 mln. 203,8 min manat məbləğində uzunmüddətli kredit verilib. Milli valyuta ilə uzunmüddətli kreditlər 11,8%, xarici valyuta ilə 12,1% dərəcəsi ilə verilir.
2015-ci il aprelin 1-nə regionlarda banklar tərəfindən müştərilərin kreditləşmə həcmi 3 mlrd. 381 mln. 645,8 min manat (artım 7,5%) təşkil edib.
Kommersiya bankları aşağıdakı regionlarda hüquqi və fiziki şəxslərin kreditləşdirilməsinə üstünlük verir: Aran iqtisadi rayonunda 837 mln. 289,9 min manat (orta faiz dərəcəsi illik 23,5%), Abşeron iqtisadi rayonunda 657 mln. 334 min manat (19,6%), Gəncə-Qazax iqtisadi rayonunda 743 mln. 662,7 min manat (10%), Lənkəran iqtisadi rayonunda 304 mln. 46,8 min manat (24,1%) həcmində kredit verilib.
Kreditləşdirmənin qalan həcmi respublikanın digər iqtisadi rayonlarının payına düşür.
A.Axundov