Hesablama Palatası Dünya Bankının və İsveçrə İqtisadi Əməkdaşlıq Ofisinin (SECO) ekspertləri ilə Palatanın inkişafına yönələn yeni layihənin reallaşdırılmasını müzakirə edir.
Palatanın məlumatında qeyd edilir ki, bu məsələ Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun Dünya Bankı və SECO nümayəndələri ilə görüşündə müzakirə olunub.
“Yaxın zamanda yeni layihənin reallaşdırılmasına başlanacaq”, - deyə məlumatda bildirilir.
Bundan başqa, görüş iştirakçıları dövlət maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsi, bu sisteminin tərkib elementləri olan daxili və kənar dövlət nəzarətinin sərhədlərinin dəqiqləşdirilməsi və digər məsələləri müzakirə ediblər.
Həmçinin görüşdə “Korporativ və Dövlət Sektorunda Hesabatlılıq” layihəsinin (CAPSAP) reallaşdırılması çərçivəsində həyata keçirilən işlər müzakirə olunub. V.Gülməmmədov CAPSAP layihəsinin əsas nəticələri barədə danışıb, layihə çərçivəsində hazırlanan yeni qanun layihəsinin (“Hesablama Palatası haqqında” - İF-Az) əhəmiyyətini vurğulayıb.
Xəbər verildiyi kimi, DB-nin Direktorlar Şurası 2008-ci ilin mart ayında Azərbaycana “Korporativ və Dövlət Sektorunda Hesabatlılıq” layihəsi üzrə $11 mln. məbləğində kredit ayırıb. Bu layihə korporativ və dövlət sektorlarında mühasibat uçotu sisteminin təkmilləşdirilməsini, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiq edilməsinə keçidi nəzərdə tutur. Kredit Beynəlxalq İnkişaf Assosiasiyasının şərtləri ilə 10 ili güzəştli olmaqla 35 il müddətinə verilib.
Layihənin ümumi dəyəri $24 mln. təşkil edir. Dünya Bankının kredit vəsaitlərindən başqa, daha $8 mln. Azərbaycan hökumətinin, $3 mln. məbləğində qrant Yaponiya hökumətinin, $2 mln. məbləğində qrant isə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) payına düşür.
A.Axundov