2015-ci ilin I rübündə “Azəri-Çıraq-Günəşli” blokundan neft hasilatı 84 istismar quyusundan həyata keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ – “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə operator) mətbuat xidmətindən məlumat verilib.
“Hesabat dövründə müqavilə blokunda 4 hasilat quyusu qazılıb. Mart ayının sonuna olan vəziyyətə görə, 84 hasilat və 40 suvurma quyusu istismar edilib”, - deyə şirkətdən qeyd olunur.
Şirkətin məlumatına görə, neft hasilatının başlandığı 1997-ci ilin noyabr ayından 2015-ci ilin birinci rübünün sonuna qədər olan vəziyyətə görə, AÇG blokundan 2,7 mlrd. barel neft (366 mln. tondan artıq - İF-Az) hasil edilib
Xəbər verildiyi kimi, 2015-ci ilin birinci rübündə ABƏŞ “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarından 8 mln. ton neft hasil edib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.
Layihənin iştirakçıları BP (Böyük Britaniya - 35,78%), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8%), Hindistanın “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inрex Corр.” (10,96%) və “Itochu Oil” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%) və Türkiyənin TPAO (6,75%) şirkətlərdir.
“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci ilin fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.
2014-cü ildə ABƏŞ “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarından 31,5 mln. ton neft hasil edib.
N.Abbasova