Beynəlxalq birlik bütün dövlətlərin ərazi bütövlüyünün təmin edilməsi məsələsinə vahid yanaşma nümayiş etdirməlidir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Vyetnam Sosialist Respublikasının prezidenti Çıonq Tan Şanq ilə birgə brifinqdə söyləyib.
“Beynəlxalq hüququn əsas prinsipi dövlətlərin ərazi bütövlüyünün təmin edilməsindən ibarətdir, bu məsələdə beynəlxalq birlik vahid yanaşma nümayiş etdirməlidir. Burada heç bir diskriminasiyaya yol vermək olmaz”, - deyə İ.Əliyev qeyd edib.
Onun sözlərinə görə, Vyetnam prezidenti ilə görüşdə regional təhlükəsizliyin təmin edilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb.
“Mən cənab prezidentə regionda baş verən hadisələr barədə məlumat verdim. Qeyd etdim ki, regional təhlükəsizliyin təmin edilməsi üçün Ermənistan-Azərbaycan münaqişəsi həll olunmalıdır”, - deyə Azərbaycan prezidenti vurğulayıb.
Prezident BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair qəbul etdiyi 4 qətnaməyə baxmayaraq, münaqişəsinin uzun illər ərzində öz həllini tapmamasını təəssüflə qeyd edib.
“Təəssüf ki, Ermənistan bu qətnamələrin müddəalarına əməl etmir və işğal davam edir. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz torpaqlarımızda qaçıqın və məcburi köçkünə çevrilib. Bizə qarşı etnik təmizləmə siyasəti aparılıb, ərazimizin 20%-i hələ də işğal altındadır”,- deyə prezident qeyd edib.
Dövlət başçısı bildirib ki, dünya birliyi, o cümlədən nüfuzlu beynəlxalq təşkilatlar rəsmi Bakının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ədalətli mövqeyini dəstəkləyirlər.
“Bir daha qeyd etməliyəm ki, bir çox beynəlxalq təşkilatlar – BMT, BMT Təhükəsizlik Şurası, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı bu məsələ ilə bağlı ədalətli mövqelərini ifadə ediblər. Bütün bu nüfuzlu təşkilatlar birmənalı şəkildə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən müvafiq qətnamə və qərarlar qəbul ediblər. Bu və digər məsələlər beynəlxalq hüquqa müvafiq şəkildə öz həllini tapmalıdır”,- deyə İ.Əliyev bildirib.
R.Babayev