Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2015-2016-cı illərdə Azərbaycanda ÜDM-in illik artımını 1,5% səviyyəsində proqnozlaşdırır. Bu barədə bankın may ayına olan iqtisadi icmalında qeyd edilir.
Xəbər verildiyi kimi, yanvarda AYİB 2015-ci ildə Azərbaycan üzrə ÜDM-in artımını da 1,5% səviyyəsində proqnozlaşdırıb.
“2015-ci ilin birinci rübündə Azərbaycan 2014-cü ilin yekunları üzrə 2,8%-lə müqayisədə 5,3% səviyyəsində sabit iqtisadi artım tempi nümayiş etdirib. Daha yüksək artım tempi neft hasilatının azaldığı ötən ilin aşağı bazası ilə şərtlənib. Bütövlükdə 2015-ci il üçün artım proqnozu dəyişməz - 1,5% səviyyəsində qalır. Biz 2016-cı ildə də bu cür orta artım tempi gözləyirik”, - deyə bankın icmalında qeyd olunur.
Azərbaycan hökuməti 2015-ci ildə ÜDM-in 4,4% artacağını proqnozlaşdırır.
2014-cü ildə Azərbaycanda ÜDM 2,8% artıb.
A.Əzizov