Milli Məclisin nümayəndə heyəti mayın 15-də Budapeştdə işə başlayacaq NATO Parlament Assambleyasının yaz sessiyasında iştirak edəcək. Bu barədə parlamentin mətbuat xidməti məlumat verib.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə deputatlardan Siyavuş Novruzov, Tahir Süleymanov, Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev daxildirlər.
Sessiyanın komitə iclaslarında Avro-atlantik birliyə qarşı olan təbliğat hücumları, NATO-nun yeni strateji çağırışı, Rusiya iqtisadiyyatına qoyulan sanksiyalar, terrorçuluğun maliyyələşdirilməsi, Ukrayna iqtisadiyyatının vəziyyəti və gələcək inkişaf perspektivləri, dünya üzrə NATO-nun tərəfdaşları, iqlim dəyişikliyi və digər mövzular müzakirə olunacaq.
Sessiya çərçivəsində keçiriləcək Siyasi komitənin iclasında “Rusiya və avro-atlantik təhlükəsizlik” mövzusunda məruzə dinləniləcək, Ermənistan-Azərbaycan münaqişəsi, keçmiş Sovet İttifaqı ölkələrinə münasibətdə Rusiyanın siyasəti, Cənubi Qafqazda vəziyyət və digər mövzularda fikir mübadiləsi aparılacaq.
NATO Parlament Assambleyasının yaz sessiyası mayın 18-dək davam edəcək.
R.Babayev