Fars körfəzi dövlətləri və ABŞ hərbi sahədə birgə fəaliyyəti təkmilləşdirmək niyyətindədirlər. Bu barədə ABŞ prezidenti Barak Obamanın Fars körfəzindəki altı ölkənin Əməkdaşlıq Şurasının rəhbərləri ilə görüşünün yekunları üzrəverilmiş birgə bəyanatda deyilir.
Sənəddə bildirilir ki, tərəflər “ təhlükəsizlik sahəsində əməkdaşlığın təkmilləşdirilməsi, xüsusən silah tədarükünün sürətləndirilməsi, eləcə də terrorçuluqla mübarizə, dənizdə təhlükəsizliyin təmin edilməsi, kibertəhlükəsizlik, ballistik raketlərdən müdafiə” sahəsində fəaliyyəti inkişaf etdimək barədə razılığa gəliblər.
“ABŞ və Şura ölkələri İranın regionda sabitliyi pozmağa yönəlmiş fəaliyyətinə qarşı birgə mübarizə aparacaqlar”,- deyə bəyanatda bildirilir.
Müşahidəçilər bildiriblər ki, ABŞ tərəfindən Kemp-Deviddə keçirilmiş görüşün məqsədi İranın nüvə proqramına dair saziş imzalanarsa, Amerika-İran münasibətlərinin mümkün yaxşılaşması ilə bağlı ərəb dövlətlərinin narahtlığının azaldılmasıdır.
Görüş başa çatdıqdan sonra ABŞ prezidenti jurnalistlərə deyib: “Mən körfəz ölkələrindəki tərəfdaşlarımızın təhlükəsizliyinin təmin edilməsi üzrə öhdəliklərimizə sadiq olduğumuzu təsdiq edirəm”.
B.Obama eyni zamanda qeyd edib: “Bizim əməkdaşlığımızın məqsədi İranla qarşıdurmanı əbədiləşdirmək və ya bu dövləti təcrid etmək deyil”.