2015-ci ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 12,6 mlrd. manat təşkil edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 5,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat dövründə əhalinin hər nəfərinə düşən nominal gəlirlər 4,4% - 1,333 manatadək artıb.
Bununla yanaşı, əhalinin hər nəfərinə düşən gəlirlərin artım sürəti 2015-ci il yanvar-aprel ayları ərzində inflyasiya göstəricisini 1,3 faiz bəndi üstələyib.
Yanvar-aprel aylarında gəlirlərin 74,4%-i son istehlaka, 9,8%-i vergilər, sosial sığorta və üzvlük haqlarının, 13,7%-i kreditlər üzrə faizlərin ödənilməsinə, əmanətlərin və kapitalın artırılmasına yönəldilib.
Bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 11,4 mlrd. manat qalır ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 5,4% çoxdur.
A.Əzizov