Naxçıvan şəhərində yeni ictimai yaşayış binası istifadəyə verilib. Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iştirak edib.
Ali Məclisin sədri çıxışı zamanı deyib: “Azərbaycanda dövlət-gənclər siyasəti uğurla həyata keçirilir, gənclərin sosial problemlərinin həlli və məşğulluqlarının təmin olunması diqqət mərkəzində saxlanılır.
“Dövlət vəsaiti hesabına tikilən yaşayış binasındakı mənzillərin ipoteka kreditindən istifadə edilməklə gənc ailələrə verilməsi ölkədə gənclər siyasətinin daha bir ifadəsidir. Gənclərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikada gənclərə göstərilən qayğı onların mənzil şəraitinin yaxşılaşdırılması ilə məhdudlaşmır. Eyni zamanda gənclərin hərtərəfli təhsil alması, hüquqlarının qorunması, işlə təmin olunması, ən əsası isə sabitlik şəraitində yaşamaları istiqamətində də ardıcıl tədbirlər görülür, Azərbaycanın gələcəyinin təminatçıları olan layiqli vətəndaşlar yetişdirilir”, - deyə o qeyd edib.
1 girişi olan bina zirzəmi ilə birlikdə 8 mərtəbədən ibarətdir. Binada 6-sı birotaqlı, 12-si ikiotaqlı, 12-si isə üçotaqlı olmaqla, 30 mənzil var. Mənzillər müasir kommunal şəraitlə təmin olunub, daimi su xətti və optik kabel çəkilib, mərkəzi antena sistemi yaradılıb.
Həmin gün V.Talıbov Atıcılıq Federasiyasının Atıcılıq və Əyləncə Mərkəzinin açılışında da iştirak edib. Mərkəzdə müasir avadanlıqla təmin olunmuş interaktiv təlim zalı, kafe və oyun zalları var.
Q.Hüseynova