2015-ci ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarətdə müsbət saldosu $867 mln. 189,17 min təşkil edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 5,1 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Cari ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $7 mlrd. 673 mln. 388,35 min (azalma 22,42%) təşkil edib.
Bununla yanaşı, hesabat dövründə ixracın həcmi $4 mlrd. 270 mln. 288,76 min, idxalın həcmi $3 mlrd. 403 mln. 99,59 min təşkil edib. 2014-cü ilin aprel ayının göstəricisi ilə müqayisədə ixrac 40,33% azalıb, idxal 24,46% artıb.
İxracın strukturunda 76,7% neftin, 6,67% neft məhsullarının, 2,51% təbii qazın, 1,02% meyvə-tərəvəz məhsullarının, 0,14% çayın, 1,13% bitki və heyvan mənşəli yağların, 1,27% qəndin, 0,16% spirtli və spirtsiz içkilərin, 1,27% kimya məhsullarının, 0,79% plastic kütlələr və onlardan hazırlanan məmulatların, 0,3% işlənməmiş gön (təbii xəzdən başqa) və dərinin, 0,2% qara metal və ondan hazırlanan məmulatların, 0,69% alüminium və ondan hazırlanan məmulatların, 7,32% digər məhsulların payına düşüb.
İdxalın strukturunda 11,95% ərzaq məhsullarının, 3,1% tütün və tütün məhsullarının, 0,29% sementin, 1,32% neft məhsullarının, 1,92% əczaçılıq məhsullarının, 2,09% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,1% odun və agac məhsullarının, 16,29% qara metal və ondan hazırlanan məmulatların, 21,12% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 23,57% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 1,26% mebelin, 14,99% digər məhsulların payına düşüb.
2015-ci ilin yanvar-aprel aylarında xarici ticarət əməliyyatlarında 2,456 min dövlət və özəl müəssisə və 1,534 min fiziki şəxs iştirak edib.
Həmin dövrdə Azərbaycan 126 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
2015-ci ilin birinci rübündə Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 21,67%-i), Almaniya (14,59%), Fransa (6,84%), İndoneziya (5,63%) və İsrail (5,11%), əsas idxal əməliyyatlarını isə Rusiya (16,03%), ABŞ (15,4%), Türkiyə (12,91%), Almaniya (7,78%) və Yaponiya (5,57%) ilə həyata keçirib.
N.Abbasova