2015-ci ilin yanvar-aprel aylarında Azərbaycanda neft məhsullarının istehsalı 2014-cü ilin analoji dövrü ilə müqayisədə 10% - 855,8 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat dövründə sürtkü yağları istehsalında 74,1% - 4,2 min ton, neft bitumu istehsalında 47,2% - 48,9 min ton, mazut istehsalında 97,3% - 1,8 min tona qədər azalma qeydə alınıb.
2015-ci ilin yanvar-aprel aylarında avtomobil benzini istehsalında 0,3% - 401,5 min ton, birbaşa qovulan benzin istehsalı 69,1% - 71,2 min ton, kerosin istehsalında 12,2% - 231 min ton, dizel yanacağı istehsalı 50,2% - 1 mln. 117,6 min ton, qazoyl istehsalında 3,9 dəfə - 361,2 min tona qədər artım olub.
Hazırda Azərbaycanda Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. “Azərneftyağ” NEZ 2015-ci il yanvarın 1-dən bu zavodun tərkibinə daxil edilib.
N.Abbasova