Ucar və Zərdab şəhərlərində vergi ödəyicilərinə xidmət mərkəzləri fəaliyyətə başlayıb. Bu barədə Vergilər Nazirliyinin məlumatında qeyd olunur.
Beləliklə, vergi ödəyicilərinə xidmət mərkəzlərinin sayı 56-ya çatıb.
Xidmət mərkəzlərində vergi ödəyiciləri müxtəlif xidmətlərdən yararlana biləcəklər. Onların sırasına electron formada qeydiyyat, uçota alınma və çıxarılma, fəaliyyətin bərpası və ləğv olunması daxildir.
Vergi ödəyiciləri mərkəzlər vasitəsi ilə vergi məsələləri ilə bağlı lazımi məlumat və məsləhət ala, vergi bəyannamələrini elektron formada vergi orqanlarına göndərə, öz vergi borclarının məbləği haqqında məlumat ala və vergi məsələləri üzrə digər tədbirlər həyata keçirə bilərlər.
Məlumatda qeyd olunur ki, 2014-cü ildə xidmət mərkəzlərinə 290 minə yaxın vergi ödəyicisi müraciət edib və onlara 376 minə yaxın müxtəlif növ vergi xidmətləri göstərilib.
A.Əzizov