Multikulturalizm ideyaları ölkələrin birgə səyləri ilə inkişaf etdirilməlidir. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Bakıda öz işinə başlayan III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.
“Biz bəzən dini ədavətin bilərəkdən inkişaf etdirilməsinə şahid oluruq. Multikulturalizm ideyaları birgə səylərlə inkişaf etdirilməlidir. Multikulturalizmin gələcəyinin olmadığını hesab etmək təhlükəlidir”,- deyə dövlət başçısı bildirib.
Onun sözlərinə görə, “Azərbaycanın dünyanın multikulturalizm mərkəzi kimi örnək rolunu oynaması sübut edir ki, multikulturalizm yaşayır”.
“Bu gün dini mənsubiyyətinə görə parçalama cəhdləri görürük, buna görə də multikulturalizm barədə daha tez-tez danışmaq lazım gəlir. Biz neofaşist hərəkatının təhlükəli tendensiyalarını müşahidə edirik və dünya liderləri bu təzahürlə mübarizədə qalib gəlməlidirlər”,- deyə prezident vurğulayıb. O qeyd edib ki, çoxəsrlik tolerantlıq və multikulturalizm ənənələrinə malik Azərbaycan belə problemlərin müzakirəsi üçün ən əlverişli yerdir.
Öz növbəsində UNESCO-nun baş direktoru İrina Bokova mədəni abidələrin məhv edilməsi və insanlar arasında ayrı-seçkiliyin salınması cəhdlərinə qarşı birgə mübarizənin vacib olduğunu qeyd edib.
“İnsanları parçalamaq cəhdləri göstərilir. Ümumi tariximizi itirməmək üçün dünyadakı maddi və qeyri-maddi irsin saxlanması naminə bütün qüvvələrimizi səfərbər etməliyik”,- deyə İ.Bokova qeyd edib.
Onun sözlərinə görə, ekstremistlər abidələri dağıtmaqla insanları parçalamağa çalışırlar.
“Bu gün insanların şüurunda müharibə gedir. Biz dünyada mədəni müxtəlifliyə dəstək göstərməliyik”, - deyə UNESCO rəhbəri bildirib.
“Mədəni müxtəliflik bizim zəifliyimiz deyil, əksinə, sərvətimiz və gücümüzdür”, - deyə İ. Bokova söyləyib.
“Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” devizi altında keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun işində BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser, UNESCO-nun baş direktoru İrina Bokova, İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni, İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri, BMT-nin Dünya Turizm Təşkilatının baş katibinin turizm və sülh üzrə müşaviri Amr Abdel-Qaffar iştirak edirlər.
F.Hüseynzadə