İri dövlətlərin səhvləri bu gün Yaxın Şərq və dünyanın digər regionlarında mövcud qeyri-sabitliyə səbəb olub. İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri belə hesab edir.
“Əksər hallarda bu hadisələr öz mədəniyyətlərini beynəlxalq sülh və təhlükəsizliyə qarşı qoyan iri dövlətlərin səhvləri ilə əlaqədardır”, - deyə əl-Tüveycri Bakıda “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” devizi altında keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bəyan edib. Onun sözlərinə görə, bu cür mənfi tendensiya beynəlxalq hüququn təsirsiz olmasına gətirib çıxarır.
“Bu, özünü misal üçün, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin bir hissəsinin, həmçinin Fələstin torpaqlarının işğal edilməsi probleminin həll olunmamasında büruzə verir”, - deyə təşkilatın baş direktoru qeyd edib.
O, sülh və sabitliyin bərqərar olması məqsədilə mədəniyyətlərarası dialoqun inkişafının əhəmiyyətini vurğulayıb.
“Bu mənada mədəniyyətlərarası dialoq sülh yolu ilə həllin əsas tərkib hissəsi olmalıdır. Bir tərəfdən dünya birliyi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını dəstəkləməli, digər tərəfdən isə iri dövlətlər arasında etimadın möhkəmlənməsi üzrə tədbirlər həyata keçirməlidir”, - deyə İSESCO-nun baş direktoru bildirib.
Əbdüləziz Osman əl-Tüveycri insanların müsəlman və qeyri-müsəlmanlara, ağ və qara dərililərə ayrılmasının yolverilməz olduğunu və bunun bir sıra ölkələrin təhlükəsizliyinə təhdid olduğunu vurğulayıb.
F.Hüseynzadə