Bakı Ağır Cinayətlər Məhkəməsində İraq, Suriya və Pakistanda qanunsuz hərbi birləşmələrin sıralarında hərbi əməliyyatlarda iştirak etməkdə şübhəli bilinən iki Azərbaycan vətəndaşı - Nicat Abbasov və Hüseyn Məmmədovun məhkəmə prosesi başa çatmaq üzrədir.
Məhkəmənin dəftərxanasından “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, bazar ertəsi keçirilən növbəti məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı hər iki müttəhimin 15 il həbs cəzasına məhkum olunmasını tələb edib.
Məhkəmənin növbəti iclası mayın 22-də keçiriləcək.
N.Abbasov və H.Məmmədov 24 Azərbaycan vətəndaşı ilə birlikdə 2014-cü ilin sentyabr ayında silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərin törədilməsində şübhəli bilinərək həbs olunublar.
Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1 (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) və 170.3-cü (yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə) maddələri ilə cinayət işləri başlanılıb.
Aprel ayında Bakı Ağır Cinayətlər Məhkəməsi İŞİD-in və digər qanunsuz hərbi birləşmələrin sıralarında hərbi əməliyyatalarda iştirak etmiş Firdovsi Yusifovu 11,5 il, Taleh Soltanovu isə 7,5 il müddətinə azadlıqdan məhrum edib.
R.Babayev