Bakı. 18 may. İNTERFAKS-AZƏRBAYCAN - Azərbaycan xalqların birliyi üçün mədəniyyətdən istifadə örnəyini uğurla nümayiş etdirir. Bu sözləri Avropa Parlamentinin Fransadan olan deputatı Rəşidə Dati söyləyib.
“Azərbaycan mədəniyyətin xalqlar arasında körpü kimi istifadə olunmasının müsbət nümunəsidir. Heydər Əliyev Fondu mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi üçün mədəniyyətdən məharətlə istifadə edir. Azərbaycanın gördüyü işlər Avropanın maraqlarına cavab verir”, - deyə R.Dati bu gün Bakıda işə başlamış III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan mürəkkəb geosiyasi regionda yerləşməsinə baxmayaraq, mədəniyyətlərarası dialoqun təşviqi və dünya əhəmiyyətli mədəni abidələrin qorunması üçün böyük işlər görür. Bununla əlaqədar olaraq o, Fransada abidələrin qorunmasında Heydər Əliyev Fondunun rolunu qeyd edib.
R.Dati vurğulayıb ki, məscid, kilsə və sinaqoqların bir arada fəaliyyət göstərdiyi Azərbaycan islamın sülh dini olmasına örnəkdir.
“Azərbaycan sosial harmoniyaya da nümunə ola bilər, biz bunu başa düşməliyik”, - deyə o əlavə edib. R.Dati Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında fəal rol oynadığını qeyd edib.
“Bakı xalqların görüş yerinə çevrilib. Tezliklə Azərbaycan paytaxtı I Avropa Oyunlarını qəbul edəcək. Bu, sırf idman tədbiridir.
Öz növbəsində Avropa Şurasının Demokratik vətəndaşlıq və iştirak şöbəsinin direktoruJan-Kristof Ba qeyd edib ki, Bakı forumunun mövzusu bu gün Brüsseldə açılan Avropa Şurasının üzvü olan 47 ölkənin XİN başçılarının görüşünün həsr olunduğu radikalizmə qarşı mübarizə və bununla əlaqədar olaraq gənclərin inkişafına investisiya qoyulması mövzusu ilə səsləşir.
F.Hüseynzadə