Bəşəriyyətin tarixi-mədəni irsinin qorunması müasir dövrümüzün ən vacib problemlərindən biridir. Bu barədə Bakıda “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” devizi altında keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun kuluarlarında jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
“Təəssüflə qeyd etmək lazımdır ki, bu gün dünyanın bir çox regionlarında bəşəriyyətin mədəni-tarixi abidələrinin məhv edilməsi halları baş verir. İraqda, Afrikada belə neqativ hallara rast gəlinir. Həmçinin Ermənistan da işğal etdiyi Azərbaycan torpaqlarındakı tarixi-mədəni abidələri məhv edir”,- deyə Ə.Qarayev əlavə edib.
Onun sözlərinə görə, Bakıda keçirilən forumda əməkdaşlığın inkişaf etdirilməsi yolları və layihələri müzakirə olunur. Bu layihələr münaqişə zonalarını da əhatə edir.
“Biz insanlar arasındakı qarşılıqlı etimadın təhlükəsizlik çağırışları və fobiyalara qarşı mübarizəyə necə kömək edə biləcəyini, mədəniyyət və turizmin 2015-ci ildən sonrakı dövrdə sülhün inkişafına necə töhfələr verəcəyini müzakirə edirik. Müzakirə olunan məsələlərin əksəriyyəti dünyanın münaqişə gedən regionlarında yaranan vəziyyətlə bağlıdır”,- deyə Ə.Qarayev bildirib.
Nazirin sözlərinə görə, tədbir iştirakçıları mədəniyyət anlayışının o qədər də yüksək olmadığı və mədəni irsin məhv edildiyi münaqişə zonalarında yaşayan insanlara yardım göstərilməsi mexanizmlərinin işlənib hazırlanmasına can atırlar.
“Onlarla iş mexanizmi işlənib hazırlanmalıdır və bu, çox çətin məsələdir. Biz Azərbaycanda analoji çətinliklə üzləşirik. Təəssüf ki, nəzarət altında olmayan (işğal altındakı torpaqlar - İF-Az) torpaqlardakı abidələrimizin vəziyyətinin monitorinqini keçirə bilmirik. Belə problemlər yalnız Dağlıq Qarabağda deyil, Azərbaycanın digər işğal edilmiş regionlarında və planetin bir çox başqa nöqtələrində də var. Bu, tarixi irsin məhv edilməsi, mədəni mübadiləyə və normal təhsil prosesinə yaradılan maneələrlə bağlıdır”, - deyə Ə.Qarayev qeyd edib.
Nazir vurğulayıb ki, Azərbaycan qonşu Ermənistanın onun mədəniyyətini və tarixini mənimsəmə cəhdləri ilə daim mübarizə aparır.
“Bizim qonşularımız bizə məxsus olan hər şeyi məqsədyönlü şəkildə mənimsəyirlər. Bizim mədəniyyətimizi və tariximizi ələ keçirirlər. Bundan qaçmaq mümkün deyil, biz bununla yaşayırıq. Buna görə də biz daim mövqeyimizin müdafiəsinə hazır olmalıyıq. Bizim qonşularımızın siyasəti belədir, onlar bu çirkin siyasətdən əl çəkməyəcəklər, bu siyasətə, həmçinin işğal edilmiş torpaqların süni surətdə məskunlaşdırılması da daxildir. Azərbaycan cəmiyyəti öz mədəniyyətini və ənənələrini mühafizə etməlidir”,- deyə Ə.Qarayev vurğulayıb.
Bundan başqa, nazir respublika ərazisindəki tikinti obyektlərində monitorinqlə bağlı sualı cavablandırıb.
“Dövlət başçısının sərəncamı ilə bu məsələ ciddi nəzarət altındadır. Bakıda və ölkənin regionlarında bir sıra qanunsuz obyektlərin tikildiyi müəyyən olunub. Biz bütün tarixi abidələrin təhlükəsizliyi təmin edilməyənə qədər onlara icazə verməyəcəyik”,- deyə nazir əlavə edib.
R.Babayev