Bakının Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğının qurbanlarının sayı 10 nəfərə çatıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən qeyd ediblər ki, hadisə nəticəsində xəsarət almış 41 nəfər xəstəxanalara yerləşdirilib.
Daha 7 nəfərə təcili yardım briqadaları tərəfindən yerindəcə yardım göstərilib.
Hadisə yerinə gələn baş prokuror Zakir Qaralov bəyan edib ki, yaşayış binasında baş verən yanğına keyfiyyətsiz üzlük örtüyü səbəb olub. Onun sözlərinə görə, yanğınla bağlı Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq birgə istintaq qrupu yaradıb.
Bu, Bakıda binanın plastik üzlüyünün alışması nəticəsində baş verən ilk yanğın hadisəsi deyil. Bu ilin əvvəlində paytaxtın başqa bir rayonunda yaşayış binasında baş vermiş yanğın nəticəsində iki mənzil yanmışdı.
Y.Əliyev