Azərbaycan Yəməndə sülhün bərqərar edilməsi üzrə səyləri dəstəkləyir. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu barədə XİN başçısının müavini Xələf Xələfov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amid Mədəni ilə görüş zamanı bildirib.
“Yəmənə sülh gətirəcək fəaliyyət, ümumilikdə İƏT çərçivəsində sülhə və əməkdaşlığa xidmət edən səylər Azərbaycan tərəfindən dəstəklənir”, - deyə X.Xələfov qeyd edib.
O, geniş və həssas coğrafiyanı əhatə edən İslam dünyasında baş verən proseslər, çağırış və problemlərin müzakirəsi və həllində İƏT-in çox vacib platforma rolunu oynadığını vurğulayıb.
İƏT-in baş katibi İyad bin Amid Mədəni regiondakı problemli məsələlərin Küveytdə keçiriləcək İƏT xarici işlər nazirlərinin toplantısında əsas müzakirə mövzusu olacağını bildirib.
O, bu xüsusda Yəməndə cari vəziyyətin narahatlıq doğurduğunu və bu məsələnin İƏT Nazirlər Toplantısının növbədənkənar iclasında müzakirə ediləcəyini bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
A.Axundov