Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi Bakının Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında çoxsaylı insan ölümü ilə nəticələnmiş yanğın faktı ilə bağlı bir sıra maddələrlə cinayət işi açıb. Baş Prokurorluq, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin yaydığı birgə məlumatda belə qeyd edilir.
Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci - ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanılıb, eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir.
Məlumata əsasən, operativ surətdə həyata keçirilmiş tədbirlərlə binanın 27 sakini təxliyyə olunub, 37 nəfər xilas edilib. Saat 14 radələrində yanğın lokallaşdırılıb, yaxınlıqdakı binalar yanğından mühafizə olunub.
Bununla belə, ilkin ehtimallara görə, binanın fasadından başlayan və qısa müddətdə böyük bir hissəsini əhatə edən yanğın nəticəsində 15 nəfər ölüb, 26 nəfər isə yanıq xəsarəti və tüstüdən zəhərlənmə ilə müxtəlif tibb müəssisələrinə yerləşdirilib.
Hazırda binada xilasetmə tədbirləri və mənzillərin müayinəsi davam etdirilir.
Y.Əliyev