ATƏT-in Minsk Qrupu uzun zamandır Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzərində çalışır. Bu barədə ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski çərşənbə axşamı III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bildirib.
“Dünyada elə problemlər mövcuddur ki, onlarla Yer kürəsinin bütün hissələrində, o cümlədən Qərbi Avropada üzləşirsən. Etimad böhranı artır, miqrasiya, cəmiyyətimiz üçün çox təhlükəli olan islamofobiya və ksenofobiya problemləri mövcuddur. Mədəniyyətlərarası dialoq qurmaq istəyiriksə, o zaman ilk öncə etimad yaratmalıyıq”, - deyə A.Şahtaxtinski bildirib.
Onun sözlərinə görə, “bu halda ATƏT kimi təşkilatlar nə edə bilərlər?”
“ATƏT-in Minsk Qrupu uzun zamandır Qarabağ münaqişəsinin nizamlanması üzərində çalışır, lakin nəticəsi yoxdur. Biz Ukraynada baş verən proseslərdə də iştirak edirik. Təşkilatımız münaqişələrin qarşısının alınması üzərində çalışmalıdır”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, ATƏT-in ümumi məqsədi dialoq vasitəsilə əməkdaşlığın möhkəmləndirilməsidir.
Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi 1994-cü ilin may ayından qüvvədədir. ATƏT münaqişə tərəflərinin barışıq şərtlərini yerinə yetirməsi haqqında məlumat əldə etmək üçün bu təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin köməyi ilə qoşunların təmas xəttində mütəmadi olaraq monitorinqlər təşkil edir.
F.İsazadə