2014-cü ildə dövlət büdcəsindən Bakı Metropoliteninin inkişafına 223,9 mln. manat investisiya ayrılıb. Bu barədə Maliyyə Nazirliyinin saytında dərc edilmiş “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində deyilir.
2014-cü ildə bu vəsaitlər Bakı Metropoliteninin şimal hissəsinin 3-cü yeni xəttinin “Elektrik Deposu”-“Avtovağzal”-“M.Əcəmi-2”-“B-3”-“B-4”-“B-5” sahələrinin, “Xətai-Yeni Günəşli” sahəsinin, “Elmlər Akademiyası” stansiyasının 2-ci çıxışının tikintisi, “28 may” stansiyasının yenidən qurulması və metroya yeni vaqon və avadanlıqların alınmasına sərf edilib.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 2 xətt və 23 stansiyadan ibarətdir. Sərnişin daşımalarının illik həcmi 200 mln. nəfər, sutkada 500 min nəfər təşkil edir.
Xəbər verildiyi kimi, Bakı Metropoliteni 2014-cü ilin may ayında “bənövşəyi” xəttin «Avtovağzal» və «Memar Əcəmi-2» stansiyalarını, 2015-2016-cı illərdə isə daha üç stansiyanı istismara verməyi planlaşdırır.
2030-cu ilə qədər metropolitenin stansiyalarının ümumi sayı 76, metro xətlərinin ümumi uzunluğu 109 km təşkil edəcək.
A.Əzizov