SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2015-ci ildə yeraltı qaz anbarlarına 2,5 mlrd. kubmetr qaz vurmağı planlaşdırır. Bu barədə şirkətin məlumatında deyilir.
Qarşıdan gələn payız-qış mövsümündə istifadə üçün qazın yeraltı qaz anbarlarına vurulması prosesi aprel ayından başlanılıb və cari ilin noyabr ayında başa çatdırılacaq.
“2015-ci il mayın 20-nə kimi anbarlara 338 mln. 754 min kubmetr qaz vurulub ki, bunun da 186 mln. 205 min kubmetri “Qalmaz”, 152 mln. 549 min kubmetri isə “Qaradağ” qaz anbarlarının payına düşüb”, - deyə məlumatda qeyd edilir.
Azərbaycanda iki yeraltı qaz anbarı var – “Qalmaz” və “Qaradağ”. Bakıdan 75 km cənub-şərqdə yerləşən “Qalmaz” yeraltı qaz anbarı 1955-ci ildə, paytaxtdan 25 kilometr cənub-şərqdə yerləşən “Qaradağ” yeraltı qaz anbarı isə 1954-cü ildə istismara verilib.
N.Abbasova