Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Beyləqan rayonunda sahibkarların kreditləşdirilməsi üçün prioritet sahələri müəyyənləşdirib. Bu barədə fondun elanında deyilir
Xüsusilə, SKMF ixtisaslaşdırılmış "yaşıl market"in, 50 başlıq südlük istiqamətli müasir ailə fermer, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının, ət kəsimi, pendir istehsalı, meyvəqurutma, dondurma və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir.
“Beyləqan rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə, eləcə də fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə məlumatda qeyd edilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2014-cü ildə fondun xətti ilə sahibkarlara 295 mln. manat məbləğində güzəştli kredit verilib.
A.Əzizov