“Azərbaycan Dəmir Yolları” (ADY) QSC və “Rusiya Dəmir Yolları” (RDY) ASC əməkdaşlığa dair razılığa gəliblər. Bu barədə RDY-nin saytında məlumat verilir.
İki ölkənin dəmiryol idarələri arasında əməkdaşlığa dair memorandum Minskdə MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 62-ci iclası çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “Rusiya Dəmir Yolları” ASC-nin prezidenti Vladimir Yakunin arasında imzalanıb.
“Sənəd Rusiya ilə Azərbaycanın geosiyasi vəziyyəti nəzərə alınaraq, Beynəlxalq Avrasiya “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində İran-Azərbaycan-Rusiya-Avropa istiqamətində daşıma həcminin artırılması üçün hər iki dövlətin tranzit dəmir yolu nəqliyyatı potensialından maksimum dərəcədə istifadə edilməsinə yönəlib”, - deyə məlumatda vurğulanır.
Bundan başqa, sənəddə “Samur-Yalama” beynəlxalq sərhəd-keçid məntəqəsinin fəaliyyətinin gücləndirilməsi, sənədlərin elektron üsulla işlənməsi üçün mütərəqqi texnologiyaların tətbiqi, maliyyə öhdəliklərinin yerinə yetirilməsi, sərnişin daşınması üzrə tarif rəqabət həddinin müəyyənləşdirilməsi, yük vaqonlarından hər iki dövlətin ərazisində səmərəli istifadə olunması nəzərdə tutulur.
“Memorandumun müddəalarının reallaşdırılması məqsədilə İşçi Qrup yaradılacaq”, - deyə məlumatda qeyd olunur.
N.Abbasova