Avropa İttifaqı mümkün olduğu qədər praqmatik olmağa və “Şərq tərəfdaşlığı” ölkələri ilə qarşılıqlı maraq doğuran əməkdaşlıq üçün sahələr axtarmağa çalışır. Bunu “İnterfaks-Azərbaycan” agentiyinə müsahibəsində Latviya Xarici İşlər Naziliyinin dövlət katibi Andreys Pildeqoviçs söyləyib.
“Biz bu prinsip əsasında Azərbaycanla da əməkdaşlığa hazırıq. Biz bilirik ki, sizin ölkənizin rəhbərliyi Avropa İttifaqı ilə yeni sazişin imzalanması imkanlarını müzakirə edir”,- deyə A.Pildeqoviçs söyləyib.
O, həmçinin deyib ki, Aİ öz tərəfindən daha çox qarşılıqlı maraq axtarıb tapmaq üçün belə dialoqlara açıqdır.
“Biz bilirik ki, “Şərq tərəfdaşlığı” proqramına üzv olan bütün ölkələr üçün qarşılıqlı səfər şərtlərinin sadələşdirilməsi məsələsi vacibdir. Diplomatik dildə bu, mobillik adlanır. Azərbaycanla son bir neçə ayda biz bir çox uğurlara nail olmuşuq. İndi bu sahədə əməkdaşlıq üzrə ilk təcrübə təhlil edilir. Və biz ümid edirik ki, gələcəkdə biz biz bu məsələyə dair də yeni saziş bağlaya biləcəyik”,- deyə diplomat qeyd edib.
Bununla yanaşı, o əlavə edib ki, bu ideya hələ ki, öyrənilir.
“Biz bu sazişin dəqiq adını müəyyənləşdirməmişik, hələ iş gedir. Sənəd Riqada (“Şərq tərəfdaşlığı” sammitində - İF-Az) imzalanmayacaq, lakin biz Azərbaycan tərəfinin marağını hiss edirik. Sözsüz ki, Azərbaycan Aİ üçün energtika sahəsində çox vacib tərəfdaşdır, demək olar ki, strateji tərəfdaşdır. Lakin biz ümid edirik ki, yeni sənəddə hər iki tərəfin verdiyi əhəmiyyəti və əməkdaşlıq sahələrini əks etdirə biləcəyik”,- deyə A. Pildeqoviçs söyləyib.
Müsahibənin tam mətni ilə http://interfax.az/view/640407 ünvanında tanış olmaq olar.
F.Hüseynzadə