Azərbaycan prezidenti İlham Əliyev “Yol hərəkəti haqqında” Qanundayerüstü və yeraltı piyada keçidlərinə dair dəyişiklikləri təsdiq edib. Bu barədə cümə axşamı rəsmi mətbuatda məlumat verilir.
Müvafiq dəyişikliklər Milli Məclisin aprelin 28-də keçirilmiş plenar iclasında qəbul edilib.
“Yol hərəkəti haqqında” Qanunun 9.1-ci maddəsinə qəbul edilən dəyişikliklərə əsasən, deyilir ki, avtomobil yollarında piyada keçidləri təhsil, səhiyyə, iri ticarət (xidmət, istehsalat) müəssisələrinin, nəqliyyatın dayanacaq məntəqələrinin, idman, istirahət və turizm obyektlərinin və insanların kütləvi toplaşdığı digər obyektlərin yaxınlığında olmalıdır.
“Piyada zolağında hərəkətin svetoforla nizamlanması vacib olan hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”, - deyə qanunvericilik aktında qeyd edilir.
Qanunda qeyd olunur ki, avtomagistralların yaşayış məntəqələrindən keçən hissələrində yerüstü və ya yeraltı keçidlər arasında məsafə 400-800 metr, digər avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində isə piyada keçidləri arasında məsafə 150-300 metr (yolayrıcıları arasında daha az məsafə olduğu hallar istisna olmaqla) olmalıdır.
Qanunda qəbul olunan düzəlişlərə əsasən, nəqliyyat vasitələrinin hərəkət şiddəti 300 avtomobil/saatdan, piyadaların hərəkət şiddəti 3000 adam/saatdan və yolun hərəkət hissəsinin eni 14 metrdən çox olduqda avtomagistrallarda yerüstü və ya yeraltı keçidlər tikilməlidir.
R.Babayev