SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) Ekologiya İdarəsi 30 iyun 2015-ci il tarixində “Tullantı Mərkəzinin genişləndirilməsi layihəsinin Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ)” hesabatı üzrə ictimai dinləmələr keçirəcək. Bu barədə şirkətin elanında deyilir.
Məlumata əsasən, ƏMTQ üzrə dinləmələr Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində keçiriləcək.
Dinləmələr zamanı SOCAR-ın Ekologiya İdarəsinin müətəxəssisləri layihənin texniki göstəricilər, Mərkəzdə quraşdırılacaq avadanlıq və qurğular, layihə ərazisinin ilkin vəziyyəti, flora və fauna, tikinti və istismar dövründə proqnozlaşdırılan potensial təsirlər və onların yumşaldılması tədbirləri, ekoloji monitorinq və ətraf mühitin idarə edilməsi planları barədə məlumat təqdim edəcəklər. Həmçinin iştirakçıların rəy və təklifləri dinləniləcək.
Daha əvvəl SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadəyə istinadən məlumat verilmişdi ki, Neft tullantılarının utilizasiyası və idarə olunması Mərkəzi qazma və neft şlamlarının utulizasiyasını, lay sularının emalını həyata keçirəcək. Layihə 60-70 mln. manat dəyərində qiymətləndirilir.
N.Abbasova