2025-ci ildə Azərbaycan əhalisinin sayı 11 mln. nəfərə çata bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Məlumat mübadiləsi saatı”nın növbəti iclasında bildirib.
“Mövcud proqnoza əsasən, 2025-ci ildə Azərbaycanda doğulanların sayı 205,3 min nəfər təşkil edəcək, əhalinin sayı isə 10 mln. 970,3 min nəfərə qədər artacaq”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, 2005-2015-ci illərdə Azərbaycan əhalisinin sayı 1 mln. 145,6 min nəfər artıb.
S.Müslümov respublikada doğulan uşaqların sayında gender disbalansının oğlan uşaqlarının xeyrinə olduğunu qeyd edib.
“2014-cü ildə ölkədə doğulanların 53,6%-ni oğlanlar, 46,4%-ni qız uşaqları təşkil edib”, - deyə nazir bildirib.
O, həmçinin ölkədə rifah göstəricilərinin yüksəlməsi ilə əlaqədar ünvanlı dövlət sosial yardımı alan ailələrin sayının azaldığını qeyd edib.
“Əgər 2008-ci ildə ölkədə bu yardımı alan ailələrin sayı 160 mindən yuxarı idisə, 2014-cü ilin sonunda bu rəqəm 92,5 minədək azalıb”, - deyə S.Müslümov vurğulayıb.
1 mart 2015-ci il tarixinə olan vəziyyətə görə, Azərbaycan əhalisinin sayı 9 mln. 611,7 min nəfər təşkil edir.
R.Babayev