Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edərək Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı dövlət başçısına və Azərbaycan xalqına başsağlığı verib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev başsağlığına və göstərilən diqqətə görə D.Tuska minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri ilə bağlı məsələlər müzakirə edilib. Tərəflər möhkəm təməllər üzərində qurulmuş bu əlaqələrin hazırda siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdirilməsini məmnunluqla qeyd ediblər.
İ.Əliyev və D.Tusk Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycan prezidenti D.Tusku Bakıya rəsmi səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.
Xatırladaq ki, Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş yanğın nəticəsində 15 nəfər həlak olub, 53 nəfər yaralanıb.
R.Babayev