Oğuz rayonun Yaqublu kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Samir Hümbətovun sözlərinə görə, 80-ə yaxın sahibkarın iştirak etdiyi forumda rayonun iqtisadi potensialının reallaşdırılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.
Çıxışlarda qeyd edilib ki, kiçik həcmli investisiya layihələri təmamilə dövlətin güzəştli kreditləri hesabına maliyyələşəcək.
Forum çərçivəsində Oğuz və ətraf rayonlardan olan 55 sahibkara 672 min manat dəyərində güzəştli kredit verilib. Kreditlər, əsasən taxılçılıq, heyvandarlıq, arıçılıq, bağçılıq sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Bütövlükdə cari ilin əvvəlindən 2,2 min sahibkara 80 mln. manat həcmində güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5300-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.
İ.Əhmədov