Rusiya prezidenti Vladimir Putin I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək. Bu barədə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi RF prezidentinin mətbuat xidmətinə istinadən məlumat verir. Məlumatda deyilir ki, yaxın zamanlarda V.Putinin Azərbaycana səfər proqramı barədə ətraflı məlumat veriləcək.
Xəbər verildiyi kimi, Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin meydançasında Rusiya komandasının evinin açılışına hazırlıq işləri gedir.
“Rusiya Evi” 11-28 iyun tarixlərində hər gün saat 9:00-dan 21:00-dək fəaliyyət göstərəcək.
“Azərbaycan I Avropa Oyunlarını keçirmək hüququnu təsadüfən qazanmayıb. Ölkədə bir çox idman növü fəal inkişaf edir, nəinki Bakıda, həm də respublikanın bütün şəhər və rayonlarında güclü idman bazası yaradılıb. Əminəm ki, Azərbaycanda Avropa Oyunları Olimpiya səviyyəsində keçiriləcək”, - deyə “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov Bakıda “Rusiya Evi”nin perspektivlərini şərh edərkən bildirib.
“Bu gün Azərbaycanda çoxlu sayda görkəmli idmançılar, Olimpiya və digər beynəlxalq idman yarışlarının iştirakçıları yaşayırlar. Onların hər biri ümid edir ki, Bakıda keçiriləcək Oyunlara Rusiyadan idman üzrədostları gələcək. Rusiyalı və azərbaycanlı idman veteranlarının görüşləri məhz “Rusiya Evi”ndə keçiriləcək”, - deyə V.Denisov bildirib.
Y.Əliyev