Moldova ictimaiyyətinin nümayəndələri Azərbaycanın bu ölkədəki səfirliyinin binası önünə toplaşaraq Bakıda dəhşətli yanğın hadisəsi nəticəsində həlak olanların xatirəsini yad ediblər. Bu barədə Azərbaycanın Kişinyovdakı səfirliyindən məlumat verilib.
Faciə qurbanlarını yad etmək üçün toplaşanlar arasında Moldovanın Azərbaycandakı keçmiş səfiri İon Robu və onun xanımı, İctimai Palatanın (İP) rəhbəri Aurelia Qriqoriu və İP fəalları, “Daac Germes” şirkətinin nümayəndəsi və mədəniyyət xadimləri olub.
Toplaşanlar hadisə ilə bağlı kədərləndiklərini bildirib, səfirliyin binası önündə şam yandırıb, gül dəstələri qoyublar.
Səfirliyə Moldovanın rəsmi şəxslərindən və sıravi vətəndaşlarından başsağlığı vermək üçün zənglər daxil olmaqda davam edir.
F.İsazadə