Britaniyanın “Anglo Asian Mining” şirkətinin (AAM - Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator - İF-Az) prezidenti və baş icraçı direktoru Reza Vəziri AAM-ə $4 mln. məbləğində kredit verib. Bu barədə şirkətin məlumatında qeyd edilir.
“Kredit 8 yanvar 2016-cı ilə qədər illik 10% dərəcəsi ilə ayrılır. Faizlər müddətin sonunda ödəniləcək. Kreditin vaxtından qabaq ödənilməsinə hər iki tərəfin razılığı ilə icazə verilir”, - deyə məlumatda qeyd olunur.
Şirkət kredit vəsaitlərini dövriyyə kapitalının artırılmasına yönəltmək niyyətindədir.
Xəbər verildiyi kimi, PSA tipli müqavilə 1997-ci il avqustun 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51% “Anglo Asian Mining PLc” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə əsasən bu yataqlardan 400 ton qızıl, 2,5 min ton gümüş və 1,5 min ton mis çıxarılması nəzərdə tutulur.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. 2013-cü ilin sentyabr ayında şirkət “Qoşa” yatağının işlənilməsinə başlayıb.
2014-cü ildə “Anglo Asian Mining” şirkəti “Gədəbəy” və “Qoşa” yataqlarından 60,285 unsiya qızıl, 31,177 unsiya gümüş, 784 ton mis hasil edib. 2015-ci il üçün proqnoz 70-75 min unsiya qızıl arasında dəyişir.
N.Abbasova