Çinin Bakıdakı səfirliyində Pekinin qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini guya tanımaq niyyətində olmasına dair xəbəri yalan məlumat adlandırıblar.
“Bu yalandır. Çinin mövqeyi aydın və ardıcıldır. Bu mövqe dəyişməyib və dəyişməyəcək. Çin tərəfindən Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı təşəbbüs irəli sürülməyib”, - deyə Çin Xalq Respublikasının Azərbaycandakı müvəqqəti işlər
vəkili Tszyao Xuay Sin “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
Rusiyanın «Life news» informasiya agentliyinin Pekinin qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınmasına dair qətnaməni BMT Təhlükəsizlik Şurasına təqdim etməsi və Çin Xalq Respublikasının baş nazirinin bu barədə «Twitter»dəki səhifəsində yazmasına dair məlumatı şərh edən diplomat vurğulayıb ki, “Çin rəhbərləri «Twitter» sosial şəbəkəsindən istifadə etmirlər”.
«Life news» informasiya agentliyinin yaydığı məlumata əsasən, Çin Xalq Respublikasının baş naziri «Twitter»dəki səhifəsində yazıb ki, “əgər ABŞ, Fransa və Rusiya qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına dair Çinin qətnaməsini dəstəkləyərsə, o zaman Qarabağ müstəqil ölkəyə çevrilərək BMT-yə daxil olacaq”.
F.İsazadə